суббота, 26 марта 2011 г.

Uşaq əzizdir, tərbiyəsi isə ondan da əzizdir

Bizdə, "Uşaq əzizdir, tərbiyəsi isə ondan da əzizdir", -deyə bir söz var; necə də doğru sözdür!

* * *

Uşaq tərbiyəsində ana-ata, pəhrizli insan kimi olmalı və tərbiyədə ölçüyə dəqiq riayət etməlidirlər.

* * *

0-5 yaş arası şüuraltının ən açıq olduğu dövrdürsə, bu dövrdə uşaqlara yaxşı nümunə üçün nə edilsə dəyər.

* * *

Hər insanın gələcəyi uşaqlıq və gənclik çağlarındakı münasibət və təsirlərlə sıx əlaqəlidir. Uşaqlar və gənclər yüksək duyğularla coşub yüksələcəkləri bir iqlimdə yetişsələr, zehni və əqli durumları etibarilə canlı, əxlaq və fəzilət etibarilə də nümunə olmağa namizəd sayılırlar.

* * *

İnsan, duyğuları boş, faydasız şeylərdən uzaq olduğu nisbətdə insandır. Ürəyi mənfi duyğuların təzyiqi altında, ruhu eqoistliyin məngənəsinə ilişmiş şəxslər, insan surətində görünsələr də əslində nə olduqları düşündürücüdür. Tərbiyənin bədənə aid olan qismini hər kəs bilə bilər, amma əsl lazım olan fikri və hissi tərbiyəni isə anlayan çox azdır. Halbuki, birinci növ tərbiyə ilə daha çox fizikən güclü insanlar, ikinci üsulla isə ruh və məna insanları yetişər.

* * *

Bir millətin islahına pisləri məhv etməklə deyil, nəsilləri milli mədəniyyət və milli tərbiyə ilə insanlığa yüksəldərək xidmət edilməlidir. Din, tarix şüuru və adət-ənənələr xəlitəsindən ibarət müqəddəs bir toxumu yurdun hər künc-bucağında cücərtmədikdən sonra, məhv edilən hər pisin yerində bir neçəsi yenə ot kimi bitəcək.

* * *

Uşaqlara oxudulacaq kitablar, istər şeir olsun istərsə də nəsr olsun, düşüncəyə qüvvət, ruha mətanət, ümid və əzmə güc verəcək mahiyyətdə olmalıdır ki, iradələri möhkəm, fikirləri sağlam nəsillər yetişsin...

* * *

Qız uşaqlarının gələcəkdə dünyaya gətirəcəkləri uşaqların tərbiyəsinə görə, bir çiçək kimi nəzakətli, incə və şəfqətli yetişdirilməsi əsas olmaqla birlikdə, haqq düşüncəsinə sahib çıxmaları baxımından da mənən polad kimi olmalarına diqqət yetirilməlidir. Yoxsa, yalnız nəzakət və incəlik naminə onların miskin, aciz, iradəsiz kimi formalaşmasına səbəb olarıq.

* * *

Tərbiyə başdan ayağa gözəllikdir və kimdə olursa olsun təqdir edilməlidir. Bəli, cahil də olsa, tərbiyəlidirsə, sevilməyə layiqdir. Milli mədəniyyət və milli tərbiyədən məhrum millətlər kobud, cahil və avara fərdlərə bənzərlər ki, bunların nə dostluğunda vəfa, nə də düşmənliklərində ciddiyət olar. Belələrinə etimad edənlərin həmişə xəyalları puç olar; bunlara söykənənlər, gec-tez dəstəksiz, arxasız qalarlar.

* * *

Bir usta yanında tələbəlik etməmiş və sağlam bir qaynaqdan tərbiyə almamış mürəbbi və mürəbbiyələr (pedaqoq) başqalarının yollarına fənər tutan korlar kimidirlər. Uşaqda müşahidə olunan arsızlıq, ərköyünlük, qoynunda inkişaf etdiyi qaynağın bulanıq olmasından meydana gəlir. Ailədəki duyğu, düşüncə və hərəkət intizamsızlığı uşağın ruhuna əks edər. Təbii ki, ondan da cəmiyyətə...

* * *

Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və milli mədəniyyət üzərində də durulmalıdır ki, vətəni cənnətə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Təlim başqa, tərbiyə başqadır. İnsanların çoxu müəllim ola bilər, amma mürəbbi ola bilən çox azdır.

* * *

Ən vacib olduğu halda ən az üzərində durulan dərslər milli mədəniyyət və milli tərbiyə dərsləridir. Bir gün bu yolu izləməyə başlasaq, millətin tərəqqisi üçün ən məqsədəuyğun qərarı vermiş olacağıq.

* * *

Şair, yaradılışdan elə şairdir. İmruul-Qeys heç məktəb görməmişdir. Enşteyn məktəbdən qaçarmış, çünki düşüncəsi başqa idi. Nyuton riyaziyyatdan zəif qiymət alarmış, amma nəzəriyyəsini riyaziyyat üzərinə qurmuşdur. Biz el-aləmin qazanı içində öz çömçəmiz ilə qarışdırmağa çalışırıq.

* * *

Ruhları aynalar kimi parlaq, fotoaparat cihazları qədər sürətli qeyd götürən uşaqların ilk məktəbləri, öz xanələri, ilk tərbiyəçiləri də analarıdır. Gələcək anaların yaxşı bir tərbiyəçi olaraq yetişdirilmələri bir millətin varlığı və gələcəyi üçün ən mühüm bir əsasdır.


Nəsihətlər

“Nə üçün o adamı düşmən saymayasan ki o özünün igidliyini xalqı incitməkdə görür?”

“Nə üçün o adama dost deyəsən ki o sənin düşmənlərinlə dostluq edir?”

“İstedadsız adamla dostluq etmə, istedadsız adam nə dostluğa yarayar, nə düşmənliyə”

“Özünü alim sayan nadandan uzaq gəz”

“Ədalətli ol ki ədalət məhkəməsinə işin düşməsin”

“Haqq acı olsa da onu dinləmək lazımdır”

“İstəyirsən düşmən sənin sirrini bilməsin, onu dosta demə”

“Xırdaçılıq edən və böyük ziyan verən olma”

“Sərvəti olmadan dövlətli olmaq istəyirsənsə gözü tox ol”

“Hədərə alma ki hədərə də satasan”

“Tay – tuşa möhtac olmaqdansa ölmək yaxşıdır”

“Əclaf adamın çörəyi ilə dolanmaqdansa ölmək yaxşıdır”

“Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə”

“Özündən aşağı adama möhtac olmaq böyük müsibətdir”

“Suda boğulmaq alçaq adamdan kömək ummaqdan yaxşıdır”

“Bu dünya üçün çalışan təvazökar fasiq o dünya üçün çalışam mütəkəbbir abiddən yaxşıdır”

“Ən nadan adam odur ki birisi kiçiklikdən böyüklüyə çata,, lakin ona yenə də kiçik kimi baxa”

“Ondan daha bədtər rüsvayçılıq olmaz ki bili bilmədiyi şeyin doğruluğunu iddia edə, sonra yalançı olduğu meydana çıxa”

“Ən aldadılmış adam ona deyərlər ki nağdı nisyəyə dəyişə”

“Ən alçaq adam odur ki birinin ehtiyacı ona düşə, imkanı ola, lakin kömək etməyə”

“İstəyirsən ki ədalətlilər sırasında adın çəkilsin sənə tabe olanları imkanın daxilində yaxşı saxla”

“İstəyirsən ki sənin adını nəciblər sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına buraxma”

“İstəyirsən qara camaat səni pisləməsin, onların işini təriflə”

“İstəyirsən ki ürəklərdə özünə yurd salıb seviləsən və xalq sənə nifrət etməsin, xalqın xeyrinə danış”

KƏPƏNƏK QANADLARI



Dağlar arasında dərə –
dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi.

Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan? Allah!..
sevgi məktubu kimi.

Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə,
sevgi məktubu kimi.

…Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi…


среда, 23 марта 2011 г.

ÇARMIXDAKI İSA

Birinci kitab:
«GÖY ÜZÜ DAŞ SAXLAMAZ»
(şeirlər və poemalar)
ÇARMIXDAKI İSA
Mən sənin oğlunam bu yer üzündə,
  həsrətinlə göyə çox baxdım, Allah.
Axır ki, arzuma çatdım deyəsən,
  ayağım üzüldü torpaqdan, Allah.

Daha yerlə göyün arasındayam,
  çarmıxa çəkilib qalmışam daha.
Mismarlanıb ayaqlarım, əllərim,
  özüm öz tabutum olmuşam daha.

Gəzir, qarışqatək gəzir canımda,
  dalayır canımı bu gün işığı.
Qıyıb gözlərini baxır xanımlar,
  baxır, süzür məni beldən aşağı.

Ölüm deyilən şey son yuxudursa,
  əgər yatmışamsa –
  yuxum ağrıyır.
Çarmıxa çəkilən quru canımdı,
  bəs niyə görəsən ruhum ağrıyır?!

Bu ağrı uzanır bir kəndir kimi,
  bağlayır ruhumu canıma, Allah.
Ruhum bədənimdən ayrıla bilmir,
  uçub gələ bilmir yanına, Allah.

Bu ağrı –
  canımın əziyyətidi,
Ruhuma atılan qarmaqdı yoxsa?
Bu ağrı –
  dünyanın son ləzzətidi,
Bu ağrı –
  sonuncu günahdı yoxsa?

Yox, mən bu ləzzətə dözmürəm daha,
  mənə bu çarmıxdan qaçmağa güc ver.
Güc ver bu ağrıdan can qurtarmağa,
  quş olub yanına uçmağa güc ver.

Dostlar göz yaşını silir gizlicə,
  onlar qaranlığı gözləyəcəklər.
Çarmıxdan qurtarıb məni bu gecə
  bəlkə də, hardasa gizləyəcəklər.
Harda?
  Niyə?
  Kimdən?
  Necə gizlənim?
Mən öz taleyimdən
  necə gizlənim?!

Yüz yol əllərimlə örtsəm də, – heç vaxt
  gizləyə bilmərəm üz-gözümü mən.
Hamı görər məni ovuclarımda
  qaralan o mismar deşiklərindən.

Mən o cür yaşayıb ölə bilmərəm –
  azardan,
  bezardan,
  ya qocalıqdan.
Yox, mən bu çarmıxdan enə bilmərəm,
  mən enə bilmərəm bu ucalıqdan.

Amma dözəmmirəm, – ya canımı al,
  ya da al canımdan ağrını, Allah.
Yada sal, yada sal, məni yada sal,
  yoxsa unutmusan oğlunu, Allah?!

…Qəflətən gün batdı, dünya qaraldı,
  amma səni gördüm birdən-birə mən.
Əllərin ruhumu çarmıxdan aldı,
  tapşırdım ruhumu o əllərə mən.

Gördüm –
  qaranlığın içində sənin
  əllərin ay kimi, günəş kimidi.
Gördüm –
  mənim ruhum ovcunda sənin
  özünə dən gəzən bir quş kimidi.

Daha bu çarmıxdan azaddı ruhum,
  daha bu canım da ağrımır, Allah.
Ovcunda gör necə rahatdı ruhum,
  bəs niyə ovcundan qan damır, Allah?!..

воскресенье, 13 марта 2011 г.

Əxlaq

Əxlaqı şikəst olanlar şəxsiyyət kimi bütöv ola bilməzlər..
İstedadlı cavanlar var.. amma o cavanlar ortada deyil..Özləri-özlərini sevməyə səbəb tapa bilmirlər və sevilənləri vurmaqdan ötəri sevəilənləri söyürlər ..Bu da qısqanclıqdan irəli gəlir.
Bizim ən böyük bəlalarımızdan biri.. əxlaqımızın içəri yox, çölə hesablanmasıdır..."
Ramiz Rövşən.

GÖRƏN HARA GEDİR





GÖRƏN HARA GEDİR

Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, dəyanət, məhəbbət, ALLAH.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, ALLAH.

Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu millət, ALLAH.

Həftələr dəyişdi, günlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, ALLAH.

Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltanətində,
Əyləşib hökm edir xəyanət, ALLAH.

Ha çığır, ha bağır, yatan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, ALLAH.

Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində,
Əyrilik sayılır, fərasət, ALLAH.

Bəxtiyar Vəhabzadə

El Kimi




El Kimi

Şəhriyaram gözüm yaşı sel kimi,
Qeribsənmi vetanında el kimi,
Sevdan üreyimde qara yel kimi,
Heç elden özgeye qardaş olarmı?
Haramzadalardan yoldaş olarmı?

Qurt qurtnan dolaşır, itler itinen,
Qurt şikarnan doyar, itler kütinen,
Yanaşmanın qoynu dolar bit inen
Heç elden özgeye gardaş olar mı?
Fars, Çin, Urustan yoldaş olar mı?

Oğuz Atam bizi görse neyliyer,
Döyüner dizini helak eyliyer,
Yeqin geyze geler, gönü göynüyer,
Heç elden özgeye qardaş olar mı?
Yılandan, çiyandan yoldaş olar mı?

Bed-güman deyilem Allah kerimdir,
Turan Xeyalimdir, etim, derimdir,
Böyyük Asya nece olsa menimdir,
Qurt yuvalarına tilki dolar mı?
Ayı Moskovadan yoldaş olar mı?

Şehriyaram, incinmeyin sözüme,
Dost acı danışar dostun özüne
Gah ağlaram, gah vururam dizime
Heç elden özgeye gardaş olar mı?
Xayindan, oğrudan yoldaş olar mı?

Şehriyar